İsrailin Azərbaycandakı səfiri “APA-Holding”də olub
11 iyun 2013 17:39 (UTC +04:00)

İsrailin Azərbaycandakı səfiri “APA-Holding”də olub

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz “APA-Holding” MMC-nin ofisində olub.


 

Səfir “APA-Holding”in prezidenti Vüsalə Mahirqızı və Direktorlar Şurasının sədri Nurşən Quliyevlə görüşüb.

 

Diplomat İsrail-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu, mətbuatın, o cümlədən APA-nın əlaqələrin dərinləşməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Səfir bildirib ki, Azərbaycan və İsrail kiçik ölkələr olsa da, taleləri oxşardır, məhz bu oxşarlıq onları bir-birinə daha da yaxın edir.

 

R. Harpaz iki ölkə arasında siyasi, iqtisadi, sosial, müdafiə sənayesi və digər sahələrdə geniş əməkdaşlıq münasibətlərinin qurulduğunu, İsrailin idxal etdiyi neftin 40%-dən çoxunu məhz Azərbaycandan aldığını vurğulayıb. Səfir ölkəsinin 4 sahə üzrə təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu qeyd edib: “Biz Azərbaycanla telekommunikasiya, səhiyyə, su və kənd təsərrüfatı sahəsində təcrübəmizi bölüşməyə hazırıq. Bundan başqa, biznes sahəsində əməkdaşlıq imkanları genişlənir. Azərbaycan şirkətləri İsraildə, İsrail şirkətləri isə Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan əlverişli biznes mühiti olan ölkəyə çevrilib ki, bu da xarici şirkətlərin ölkəyə marağını daha da artırır”.

 

Səfir Azərbaycanda yaşayan yəhudilərə münasibətdən razılığını da bildirib: “Azərbaycanda 35 minə yaxın yəhudi yaşayır. Biz yəhudi icmasına münasibətdən çox razıyıq. Azərbaycan açıq, azad, antisemitizmin olmadığı, yəhudilərə hörmət nümayiş etdirilən ölkədir və bu yanaşmasına görə digər ölkələrdən fərqlənir. Təsadüfi deyil ki, Azərbaycanın da ən böyük diasporlarından biri məhz İsraildədir. Xalqlarımız arasında münasibətlər də yüksək səviyyədədir”.

 

APA-nın fəaliyyətini də yüksək qiymətləndirən səfir agentliyin təkcə Azərbaycan və İsrail üçün deyil, bütün dünya üçün etibarlı informasiya mənbəyi olduğunu vurğulayıb: “Biz ən operativ, dəqiq, dolğun xəbərləri APA-dan alırıq. İsraildə də APA-nın yaxşı tanıyır, agentliyin yaydığı informasiyaları etibarlı, dəqiq hesab edirlər. Səfirlik olaraq, biz APA ilə əməkdaşlıqdan məmnunuq və bu əməkdaşlığın daha da güclənməsində maraqlıyıq”.

 

Öz növbəsində, V. Mahirqızı İsrailin Azərbaycan üçün vacib ölkə olduğunu, ölkəmizin İsraillə münasibətlərə xüsusi önəm verdiyini qeyd edib: “Həm İsrailin, həm də Azərbaycanın üzləşdiyi problemlər onları biri-birinə daha da yaxın edir. Biz də mətbuat olaraq bu əlaqələrin daha da dərinləşməsində maraqlıyıq. Xüsusən Dağlıq Qarabağ məsələsində İsrailin, yəhudi lobbisinin Azərbaycana dəstək verməsi çox vacibdir”.

 

Azərbaycanda mətbuatın ümumi vəziyyəti haqqında danışan V. Mahirqızı “APA-Holding”in fəaliyyəti haqqında da ətraflı məlumat verib.

 

Sonra səfir ofisin otaqlarını gəzib, holdinqin fəaliyyəti ilə yaxından tanış olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar