İsmayıllı rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində ölənlərin və xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, 99-CJ-822 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı sərnişin mikroavtobusunun İsmayıllı rayonu ərazisində yoldan çıxaraq aşması nəticəsində 1995-ci il təvəllüdlü Pünhanə Mürşüdova və 1990-cı il təvəllüdlü Elşən Rəşidov aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Mikroavtobusun sürücüsü, 1984-cü il təvəllüdlü Vüsal Manafov, eləcə də sərnişinlər -1968-ci il təvəllüdlü Sahil Nurməmmədov, 1971-ci il təvəllüdlü Fəridə Məhərrəmova, 1964-cü il təvəllüdlü Məhayət Musayeva, 1969-cu il təvəllüdlü Fərrux Səlimov, 1989-cu il təvəllüdlü Azər Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
***
06:46
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonu, Mingə kəndində "Ford" markalı mikroavtobusun idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusun sürücüsü və 6 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alıb, 2 nəfər ölüb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları və 2 cəsədi dərədən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 04:25-də başa çatıb.