İran İslam Respublikasının Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin gömrük xidməti rəhbərlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.
Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Şərqi Azərbaycan Vilayəti Gömrüklərinin rəisi ƏləsgərAbbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində görüş keçirilib.
Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov ölkələrarasındakı əlaqələrin tərkib hissəsi kimi İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini, gömrük sahəsində əməkdaşlığın ildən-ilə genişləndiyini bildirib.
Nümayəndə heyətinin rəhbəri Ələsgər Abbaszadə səmimi görüşdən məmnunluğunu ifadə edərək İran tərəfinin qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib.
Görüşdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım da iştirak edib.
Danışıqlar zamanı ikitərəfli gömrük və ticarət əlaqələrinin sadələşdirilməsi məsələləri müzakirə edilib. Tərəflərsərhəd-keçid məntəqələrinin iş saatının artırılması, mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi,gömrük nəzarətində “bir dayanacaq” prinsipinin tətbiqi, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün qarşılıqlı görüşlərin mütəmadi qaydada təşkili və bir sıra digər mühüm məsələlərlə bağlı ilkin razılığa gəliblər.
Birgünlük səfər proqramı çərçivəsində Naxçıvanın bir sıra görməli yerlərini gəzən qonaqlar Biznes Mərkəzində də olublar. Mərkəzlə tanışlıq zamanı qonaqlara muxtar respublikanın sosial-iqtisadi inkişafı, Naxçıvanda istehsal olunan mallar, o cümlədən ixrac potensialı olan yerli istehsal məhsulları barədə məlumat verilib.