“İlham Mirzəyevlə bağlı işin istintaqı artıq yekunlaşıb. Yaxın günlərdə, ən uzağı isə gələn həftəyə iş məhkəmədə olacaq. Onun qanuni əsaslarla azadlığa çıxacağına ümid edirik”. Lent.az-ın xəbərinə görə, bu barədə modern.az-a teleaparıcı İlham Mirzəyevin vəkili Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, Azərbaycan təcrübəsində təqsirləndirilən şəxsin günahı sübuta yetirilsə də belə, bu əmələ (178-ci maddə) görə azadlıqdan məhrum etmə nəzərdə tutulmayıb: “Çünki müvəkkilimin ittiham olunduğu maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Bu kimi, yəni mülkiyyət əleyhinə olan cinayətlərdə tərəflər barışıbsa, razılığa gəlinibsə, burada azadlıqdan məhrumetmədən söhbət gedə bilməz. Bu zaman həmçinin himayəsində azyaşlı uşağı olması, xəstəliyi, tanınmış olması, əvvəllər məhkum olunmaması və sair nəzərə alınır”.
Vəkilin sözlərinə görə, teleaparıcının səhhətində problem davam edir. “Hər an həkim nəzarətindədir, əks təqdirdə vəziyyəti ağırlaşa bilər”.
Adəm Məmmədov həmçinin teleaparıcının ona qarşı irəli sürülən ittihamla razılaşmadığını da vurğulayıb.
Qeyd edək ki, “Space” telekanalının tanınmış aparıcısı aprelin 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi açılmışdı. Hazırda iş üzrə ibtidai istintaq yekunlaşıb.