Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, fərmanda aşağıdakı qərarlar əksini tapıb.
1. “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti haqqında Əsasnamə” təsdiq edilib.
2. “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu” təsdiq olunub.
3. “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi” təsdiq edilib.
4. “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı” təsdiq olunub.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.