İcra başçısı sabiq deputatı məhkəməyə verdi
22 iyul 2013 15:45 (UTC +04:00)

İcra başçısı sabiq deputatı məhkəməyə verdi

Bu ilin aprelində “Yeni Müsavat” qəzetində dərc olunan “Sabiq deputatdan icra başçısına sərt ittihamlar” başlıqlı məqalə məhkəmə iddiasına səbəb olub.

 

Lent.az-ın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, məqalənin müəllifi sabiq millət vəkili İltizam Əkbərlidir.

 

Məqalə əvvəlcə “Yeni Müsavat” qəzetində dərc olunub, sonradan da “Vilyam Hacıyevin iş adamlarına böyük məbləğdə borcu var” sərlövhəsi altında “Poliqon” informasiya agentliyində (pia.az saytı) işıq üzü görüb. İcra başçısı da məhkəməyə müraciətində məhz sonuncu yazıya istinad edib. İltizam Əkbərli məqaləsində yazıb ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin iş adamlarına böyük məbləğdə borcunun yaranması, hətta bu borc məsələsinin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılması barədə mətbuatda yazıların dərci rayonda ciddi müzakirə mövzusuna çevrilib. Sabiq deputat qeyd edib ki, abadlıq adı altında çox qısa müddətdə rayonun yaşıllığı, parkları məhv edilib, insanların istirahət yerləri kütləvi şəkildə alqı-satqı predmetinə çevrilib, iş o yerə çatıb ki, hətta rayon mərkəzində yeganə istirahət parkının ərazisi belə satılıb.

 

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə rayon məhkəməsinə müraciət edib, İltizam Əkbərlinin qarşı şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən məlumatları təkzib etməsini, 100 min manat təzminat ödəməsini tələb edib. Vilyam Hacıyev məqalənin səhhətinə də zərər vurduğunu, həkimlərin məsləhəti ilə ambulator müalicə qəbul etməli olduğunu vurğulayıb.


İddia ərizəsi aprelin 15-də tərtib edilib və iyulun 3-də ilk məhkəmə iclası keçirilib. Proses iyulun 24-də davam etdiriləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2645
avatar

Oxşar yazılar