Bakı Apelyasiya Məhkəməsində Binəqədi rayonunun sabiq hərbi komissarı Feyzi Ağabəyovun CM-nin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 313 (vəzifə saxtakarlığı) və 341.2.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə bir qrup şəxs tərəfindən törədildikdə) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən, qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması müəyyən edilib. Bu növ qanun pozuntularına görə Binəqədi rayonunun komissarı Feyzi Ağabəyov və komissarlığın hərbi həkim komissiyasının sədri Zöhrab Muxtarov 2011-ci il aprelin 7-də həbs olunublar.
2012-ci il noyabrın 23-də Bakı Hərbi məhkəməsinin hökmü ilə Feyzi Ağabəyov 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, Zöhrab Muxtarova isə 4 il sınaq müddəti ilə 8 il 6 ay şərti cəza verilib.
Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti ilə F. Ağabəyov müraciət edib. İşi araşdıran məhkəmə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib, qərara əsasən F.Ağabəyovun cəzası 3 il 6 ay müddətinə endirilib.