Martın 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu Ağgöl kəndində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Lent.az-a verilən xəbərə görə, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə hərbi hissənin yaxınlığına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar olunub və zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş minanın ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.