Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Hərbi Hava Qüvvələrinin təlimləri plana uyğun olaraq davam edir. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən aşkarlanaraq, onun haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb. Hava hədəfləri izlənməyə götürülüb, S-300 PMU və S-125 2TM tipli zenit raket komplekslərinin şərti atəş zərbələri ilə şərti düşmən dərhal məhv edilib.
Təlimlərə cəlb olunan döyüş aviasiyası təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı şərti düşmənin yerüstü hədəflərini və döyüş texnikasını, o cümlədən, onun mühəndis-istehkam qurğularını idarəolunmayan raketlər və aviasia məhvetmə vasitələrilə tam dağıdıb.
Təlim uçuşlarından sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən ən müasir, NATO standartlarına uyğun quruyucu dəbilqələr və kombinezonlar döyüş aviasiyasının pilotlarına təqdim olunub.
Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından hər bir pilota əşya normasında nəzərdə tutulmayan, praktiki baxımdan daha səmərəli və rahat dəri gödəkçələr hədiyyə edilib.
Hərbi Hava Qüvvələrinin təlimləri davam edir.