Azərbaycan hərbçiləri NATO ilə imzalanmış Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində bir sıra tədbirlərdə iştirak edəcəklər. Bu barədə məlumatı Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli özünü qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar Bakıda məsləhət görüşü keçiriləcək. Görüş martın 3-dən 8-dək davam edəcək.
Hərbçilərimiz Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən, Türkiyədə beynəlxalq dalğıc kurslarında iştirak edəcəklər. Kurslar avqustun 3-dən iyulun 5-dək davam edəcək.
Hərbçilərimiz 4-8 martda İsveçin Kunqsaengen şəhərində keçiriləcək “NATO Qərargah zabitləri üçün öyrənilmiş təcrübələr mövzusunda kurs”da, həmin tarixdə Latviyanın paytaxtı Riqada NATO-nun konsepsiyaların hazırlanması və tətbiq edilməsi kursu, Pakistanın Karaçi şəhərində “AMAN-2013” Çoxmillətli dəniz təlimində və Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq proqramına əsasən, Litvada keçiriləcək Kimyəvi, bioloji, radioloji və nüvə terapiyası üzrə təməl kursuna qatılacaqlar.
Azərbaycan –Ukrayna ikitərəfli əməkdaşlıq planına əsasən 11-14 martda Ukrayna Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıya səfər edəcək. Azərbaycan –Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, hərbçilərimiz “FELDBERG 13” səhra təlimində iştirak edəcəklər. Təlim martın 11-dən 14-dək Almaniyanın Oberlauzits şəhərində keçiriləcək.
Həmçinin, hərbçilərimiz 11-16 mart tarixində Londonda silahlara nəzarət təlim kursuna qatılacaqlar.
Bundan başqa, hərbçilərimiz Türkiyənin İzmir şəhərində keçiriləcək hava əməliyyatları terminologiyası üzrə təməl kursuna, Niderlanda təşkil ediləcək hərbi-mülki əməkdaşlıq üzrə qərargah zabiti kursuna qatılacaqlar.
Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən, martın 11-dən 15-cən İrlandiyanın paytaxtı Dublində “Combined Endeavor-2013” təliminin əsas planlaşdırma konfransı keçiriləcək. 11-13 mart tarixlərində isə hərbçilərimiz Pakistanın Mürri şəhərində Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq proqramına əsasən MTT Qərargah kursunda iştirak edəcəklər.