Silahlı Qüvvələrin Ali Baş Komandanı prezident İlham Əliyevin tapşırığına əsasən, Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə aprelin 5-dən başlanan irimiqyaslı birgə təlimlərin gecə vaxtı döyüş atışı mərhələsi keçirilib.
Lent.az-ın müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təlimlərə cəlb edilən birləşmə və hərbi hissə komandirlərinin qəbul etdikləri qərarları, planları və qərargahların fəaliyyəti barədə məruzələrini dinləyiblər.
Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası, şəxsi heyətin, silahın və döyüş texnikasının gecə fəaliyyətinin hazırlığı ilə bağlı brifinq təqdim olunub.
Təlimin ssenarisinə əsasən gecə şəraitində şərti döyüşdə iştirak edən əsas qüvvələr və himayə bölmələri tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışlarını və raket buraxılışlarını, o cümlədən bombalamanı həyata keçiriblər.
İlk dəfə gecə vaxtı və məhdud görmə şəraitində keçirilən birgə təlimlərin bütün elementləri dəqiq və peşəkarlıqla yerinə yetirilib. Təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və döyüş əzmi Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Xatırladaq ki, təlimlərdə 15.000 nəfərədək şəxsi heyət, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri iştirak edib.