Dünən gecə saat 21.30 radələrində Bakıda həkim-kardioloq qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin APA-ya daxil olan birgə məlumatında bildirilib ki, Bakı sakini, 1977-ci il təvəllüdlü Həmişəyev Cavid Zaməddin oğlunun paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında meyiti aşkarlanıb.
Dərhal rayonun hüquq-mühafizə orqanları hadisə yerinə gələrək, meyitə məhkəmə tibbi ekspertinin iştirakı ilə baxış keçirilib. Onun üzərində 19 bıçaq zərbəsi aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.5-ci ( tamah məqsədilə qəsdən adam öldürmə) maddələri ilə Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb,
Aparılan ilkin istintaq-əməliyyat tədbirləri nəticəsində C. Həmişəyevə məxsus 90 NU-363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobil və həmçinin şəxsi əşyalarının olmadığı müəyyənləşib.
Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq- əməliyyat tədbirləri nəticəsində həmin avtomobil gecə saat 2.00 radələrində Bakının 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb.
Avtomaşında olan Bağırlı Türkan Sudef qızı, Ərəbov Yasin Mərkəz oğlu və Məmmədov Koroğlu Yusif oğlu tutularaq istintaqa cəlb ediliblər. Onlar ilkin ifadələrində C. Həmişəyevi tamah məqsədilə qətlə yetirdiklərini etiraf ediblər.
Avtomobilə baxış keçirilərkən oradan C. Həmişəyevin şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədəndə geyindiyi paltarları, maşında olan 600 manat, şalvarının cibində olan 70 manat pul K.Məmmədov və Y.Ərəbovdan aşkar edilərək götürülüb.
C.Həmişəyevin qətlə yetirilməsində istifadə olunan iki ədəd bıçaq Buzovna qəsəbəsindəki Çingiz Mustafayev küçəsi, dalan 10 ünvanda yerləşən zibillik ərazidən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.