Füzuli rayon icra başçısının Füzuli şəhər inzibati dairəsi üzrə keçmiş nümayəndəsi, haqqında həbs qəti-imkan tədbiri seçilən Şakir Abbasov ona verilən ittihamla razılaşmayıb.
Ş.Abbasovun yaxınlarının Lent.az-a verdiyi məlumata görə, sabiq icra nümayəndəsi ilkin ifadəsində evində heç bir silah saxlamadığını bildirib və ona qarşı irəli sürülən qanunsuz silah saxlamaq maddəsi ilə razılaşmayıb.
Onu da bildirək ki, yanvarın 15-də həbs edilən Ş.Abbasov elə həmin gün də 1 saylı Bakı İstintaq təcridxanasına köçürülüb. Onun hələ yaxınları ilə görüşə bilmədiyi bildirilir.
Qeyd edək ki, Füzuli rayon İcra Hakimiyyəti (RİH) başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin yaşadığı mənzildə axtarış aparılarkən “Makarov” tipli tapança və həmin silaha aid patronlar aşkar edilib.
Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.
Ş. Hacıyev istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.