“Üç həftə əvvəl mən rəfiqəmgildəydim. Əvvəl işlədiyim bu kompaniya və digər kompaniyanın rəhbərləri mənə zəng etdilər. Onlar dedilər ki, kompüteri gətirəcəklər ki, mən onların hesabları qaydasına salım. Onlar mənim dalımca gəldilər və məni ofisə gətirdilər. Sonra dedilər ki, əgər ərim qalan pulu gətirməsə məni buraxmayacaqlar. Ərim polisə şikayət edəndən sonra buraxdılar. Ərim deyir ki, bu məsələni ayırd etsinlər. Amma hüquq yolla”.
Lent.az-ın məlumatına görə, bunu vesti.az-a 200 min manata yaxın pul mənimsəməkdə günahlandırılan "Fun Travel" turizm agentliyinin keçmiş meneceri 30 yaşlı Alena Qarayeva deyir.
A. Qarayeva redaksiyaya müraciət edərək bildirib ki, onu günahsız yerə külli miqdarda pul mənimsəməkdə ittiham ediblər: “Mən və mənim ərim daha öncədən polisə ərizə vermişik. Beş aylıq hamiləyəm. Buna baxmayaraq məni girov saxlayıblar ki, ərim tələb olunan pulu gətirsin. Mən bir qəpik də pul götürməmişəm. Mənim pulum yoxdur. Son aylar bahalı heç nə də almamışam. Maşınım belə yoxdur. Evdə otururam. Kimsə məni harasa çağırmayıb. Mənim ölkədən çıxmağıma qadağa da qoyulmayıb”.
O, deyir ki, həqiqətən pulu o qəbul edirmiş: “Pulu mən götürürdüm, amma mənimsəməmişəm. Söhbət bir neçə manatdan deyil, küllü miqdardan gedir. Kimsə biletləri satıb, pulları mənimsəyib. İndi günahı mənim boynuma yıxmaq istəyirlər".
Qarayeva deyib ki, "Fun Travel" rəhbərliyi mayın əvvəlində onu mənimsəmədə günahlandırıb: “Mənə ilk başda çatışmayan məbləği kompensasiya etməyi təklif etdilər. Ancaq mən necə o qədər məbləği ödəyə bilərəm ki? Söz verdilər ki, mənə borclarımı ödəmək üçün kömək edəcəklər. Təklif etdilər ki, evimi girov qoyum. Yoxsa, yaxınlarımı təhlükə gözləyəcək. Mən də qorxub onların təklifi ilə razılaşdım”.
Beləliklə Qarayeva şirkətin rəhbərliyinə 15 min manat və 12 min dollar pul ödəyib. Ancaq rəhbərlik sonradan qalan pulun da ödənilməsini tələb edib. Bütün bunlar isə Qarayevanın günahının olub olmaması məhkəmə və istintaqla sübuta yetirilmədən baş verib.
A.Qarayeva onu da qeyd edib ki, hətta kompaniyadan əskik gələn pul məbləğini belə bilmir: “Bəlkə də sabah mənə deyəcəklər ki, 500 min oğurlamışam? Oğurluq hadisəsi o zaman baş verib ki, mən işdə olmamışam”. Rəhbərlik isə iddia edir ki, Qarayevada şirkətin açarının dublikatı var və o, bazar günü ofisə gələrək satılan biletləri kompüterdən silib”.
Hamilə qadın isə deyir ki, ofisin kameraları var: “Mən onlara dedim ki, kamera görüntülərinə baxın. Onda görəcəklər ki, yanılırlar. Onda rəhbərlik mənə dedi ki, kameralar nəzarət edir, lakin görüntüləri yaddaşa salmır".
Qeyd edək ki, "Fun Travel" turizm agentliyinin direktoru Fərhad Əliyev Yasamal rayon 27-ci polis bölməsinə şirkətdən 200 minə yaxın pul itdiyi barəsində müraciət edib. Şirkətin keçmiş meneceri A. Qarayeva şirkətdən küllü miqdarda pul mənimsəməkdə günahlandırır. Faktla bağlı cinayət işi açılıb. İşi DİN-in Baş Cinayət İdarəsi aparır.