Bu gün Ermənistan-Gürcüstan sərhədində yanğın başlayıb.
Yanğınlar azərbaycanlıların kompakt yaşadığı Qaçağan və Kirəc Muğanlı kəndlərinə yaxın olan Babakər dağlarında qeydə alınıb. Yanğının miqyası genişlənir.
APA-nın hadisə yerində olan müxbirinin xəbərinə görə, yanğın həmçinin Gürcüstanın Qırmızı Körpü sərhəd məntəqəsinə yaxın ərazidə yerləşən Kirəc Muğanlı kəndinin kənarlarına qədər gəlib çatıb. Kirəc Muğanlı sakinlərinin dediyinə görə, yanğın zamanı sərhəddə partlayış səsləri eşidilib.
Qeyd edək ki, son vaxtlar Ermənistanla sərhəd xətti olan Babakər dağlarında belə yanğınlar mütəmadi olaraq baş verir. Sakinlərin dediyinə görə, yanğınlar Ermənistanın Azərbaycanla sərhəd ərazisində olan Noyemberyan rayonunda daha çox müşahidə olunur.