Silahlı insident zamanı dünyasını dəyişən polis mayoru isə torpağa tapşırılıb
Ötən gün Qusar rayonunda baş verən silahlı insident zamanı güllə yarası alan polis əməkdaşlarının vəziyyəti ağır-stabildir.
Bu barədə APA-ya Qusar Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib. Əməliyyat olunan Mövlud Əliyev və Cəmil Nəsirovun həyatları üçün təhlükə aradan qaldırılıb. Ayağından güllə yarası alan Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov isə ilkin tibbi yardımdan sonra isə ambulator müalicə üçün evə buraxılıb.
Silahlı insident zamanı dünyasını dəyişən polis mayoru Qalib Quliyev Quba rayonun Çiçi kəndində torpağa tapşırılıb. Polis əməkdaşının dəfn mərasimində Daxili İşlər Nazirliyinin nümayəndələri, şimal bölgəsinin hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, iş yoldaşları və kənd sakinləri iştirak edib.
Qeyd edək ki, Q.Quliyev ailəlidir, 12 və 10 yaşlarında iki oğlu var.
Azərbaycan Daxili İşlər Nazirliyi Qusar rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 16-sı saat 08.00 radələrində Qusar şəhərində naməlum şəxs şəhər sakini, valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 min manatı qarət yolu ilə ələ keçirib. “İsti iz”lərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəhər sakini Edik Rüstəmov müəyyən edilərək saxlanılıb.
Cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları saxlanılan şəxsi şəhər kənarındakı meşə zolağına aparıb, bu zaman orada E. Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Sonrakı əməliyyat tədbirləri ilə silahlı hücumun Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədilməsi müəyyən edilib.
Hazırda ağır cinayət törədərək hadisə yerindən qaçan həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.