Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1991-ci il təvəllüdlü Bəxtiyar İsmayılov qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən xəstəni xilas etmək mümkün olub. Hazırda şok vəziyyətində olan 22 yaşlı gəncin vəziyyəti orta-ağır qiymətləndirilir. Kəpəz rayon Polis İdarəsindən bildirilib ki, ilkin məlumatlara görə, hadisə İmamzadə ziyarətgahında baş verib. Orada qurban kəsmək istəyən B. İsmayılovla ziyarətgahda olan 65 yaşlı Məhəmməd Həmzəyev arasında mübahisə yaranıb və dava bıçaqlanma ilə nəticələnib. Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, M. Həmzəyev hadisəni törətdiyini etiraf etmir. B. İsmayılov isə şok vəziyyətində olduğundan onu dindirmək mümkün deyil. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.