Gəncə şəhərində ər arvadını qanına qəltan eləyib. Lent.az-ın məlumatına görə, hadisə şəhərin mərkəzində, Atatürk prospektində baş verib. Qazax rayon sakini, 1979-cu il təvəllüdlü Nadirov Rza Nazim oğlu keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Məmmədova İradə Eldar qızını öldürmək məqsədi ilə ona 10-dan artıq bıçaq zərbəsi endirib. Küçənin ortasında qan içində qalmış qadını şəhər sakinləri xəstəxanaya çatdırıblar. Qadın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti kritikdir.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, İ.Məmmədova əri ilə ayrıldıqdan sonra Gəncəyə gəlib. Bundan bir müddət sonra R.Nadirov Gəncəıyə keçmiş həyat yoldaşını tapmağa gəlib. O, qadini taparaq barışmağı və Qazaxa birgə qayıtmağı təklif edib. Lakin 39 yaşlı qadın bu təklifi rədd edib. R.Nadirov isə bıçaqla onu öldürməyə çalışıb.
İ.Məmmədovanın iki azyaşlı övladı var. Hər iki uşağın əlil olduğu bildirilir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə iş başlanılıb.