Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Filip Lefort regiona son səfəri, eləcə də rəsmilərlə keçirdiyi görüşlər barədə məlumat verib.
Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Avropa İttifaqının regionun inkişafında, stabilliyin qorunub saxlanılmasında maraqlı olduğunu, Azərbaycanla ikitərəfli formatda müxtəlif sahələrdə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Elmar Məmmədyarov isə görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti, keçirdiyi son görüşlər barədə məlumat verib və bu münaqişənin ədalətli həlli perspektivləri ilə bağlı ölkəmizin haqlı mövqeyini Avropa İttifaqı rəsmilərinin diqqətinə bir daha çatdırıb. O, münaqişənin həllinin ölü nöqtədən tərpənməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini qeyd edib.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regionun inkişafına verə biləcəyi töhfələr barədə də ətraflı fikir mübadiləsi aparılıb.