Sentyabrın 8-də Xırdalanda partlayış baş verən, məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binada təmir işləri aparılır.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.
Ə.Həsənov deyib ki, binanın iki blokundan köçürülənlər tezliklə geri qaytarılacaq: “Partlayış nəticəsində uçan blokda olan ailələri isə mənzillərlə təmin edəcəyik”.
Qeyd edək ki, sentyabrın 8-də saat 06:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları binanın ikinci mərtəbəsindəki mənzildə baş vermiş partlayış barədə daxil olmuş məlumat əsasında FHN və Baş Prokurorluğun rəhbərliyi, rayon prokurorluğunun, rayon Polis Şöbəsinin, FHN-in Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerində olub, mütəxəssislər cəlb edilməklə hadisə yerinə baxış keçirilib, dağıntılar altında qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Aparılmış xilasetmə tədbirləri nəticəsində 8 nəfər - binanın ikinci mərtəbəsində yaşayan 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, onun ailə üzvləri - 1972-ci il təvəllüdlü İbrahimova Mətanət Elbrus qızı, 1999-cu il təvəllüdlü İsmayılova Aygün Vidadi qızı, 2001-ci il təvəllüdlü İsmayıl Yunis Vidadi oğlu, 2007-ci il təvəllüdlü İsmayıl Bəkir Vidadi oğlu, birinci mərtəbədə yaşayan 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 2005-ci il təvəllüdlü Abbasov Ayxan Məharət oğlu və üçüncü mərtəbədə yaşayan 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı dağıntılar altından çıxarılaraq Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına, Bakı Mərkəzi Klinik Xəstəxanasına və Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Onlardan yeddisinin stasionar qaydada müalicəsi hazırda davam etdirilir, bir nəfər isə ambulator müayinədən sonra evə buraxılıb.
Hadisə zamanı 1968-ci il təvəllüdlü Abbasova İfayət Bəhram qızı, 1978-ci il təvəllüdlü Abbasov Məharət Bəhram oğlu və 2003-cü il təvəllüdlü Abbasova Aydan Məharət qızı dağıntılar altından çıxarılsalar da, partlayış nəticəsində ağır beton tavanların onların üzərinə düşməsi səbəbindən həyatlarını xilas etmək mümkün olmayıb. Yaralılardan Vidadi İsmayılov sentyabrın 13-də xəstəxana dünyasını dəyişib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma) və 314.2-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanmış, prokurorluq və FHN-in Əməliyyat-İstintaq İdarəsinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İş üzrə zəruri istintaq hərəkətləri aparılıb, o cümlədən müvafiq ekspertizalar təyin edilib.
Hadisənin ağır nəticələrə səbəb olması nəzərə alınaraq iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.