Elektriklə balıq ovlayan şəxs tutuldu - FOTO
Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu tədbir zamanı kustar üsulla, yəni gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
İdarədən ONA-ya verilən məlumata görə, ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat nəticəsində Qazax rayonunun 1-ci Şıxlı kəndi istiqamətində Kür çayının “Qarayazı” Dövlət Təbiət Qoruğunun ərazisindən keçən hissəsində Ağstafa rayon sakini Yusifov Məmməd Şəkər oğlu brakonyerliklə məşğul olduğu üçün Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin (XPM) əməkdaşları tərəfindən tutulub.
Yoxlama zamanı ondan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumulyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ümumi çəkisi 6 kiloqram olan 37 ədəd “xramulya” balığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb. Məmməd Yusifov tutduğu əməldən peşman olduğunu bildirib. Onunla aparılan profilaktiki söhbətlər zamanı balıq ovu ilə məşğul olmağın qanuni yolları izah edilib. Gücləndirilmiş iş rejimində işləyən Su Nəqliyyatında Polis İdarəsi eləcə də, dənizdə olan reydlərini davam etdirir və dənizdə baş verən qanunsuz, sənədsiz, çirkli suların axıdılması və qanunsuz körpü salanlarla mübarizə aparır.
Qeyd olunan çirkli su axıdılması faktı Bibiheybət qəsəbəsi, Zığ-2 körpüsündə qeydə alınıb və bununla bağlı Su Nəqliyyatında Polis İdarəsi tərəfindən müvafiq ölçü götürülüb.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq xidməti ərazilərdə regional reydlər keçirilir. Bununla da balıqları antisanitariya şəraitində hisə verərək insanların sağlamlığını təhlükə altında qoyan, əhalini zəhərləyən, həmçinin orqanizmdə ciddi fəsadların yaranmasına səbəb olan elektrik avadanlıqları ilə tutulan balıqları və adı “Qırmızı” kitaba düşmüş quşları ovlayan şəxslər müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılır. Dəfələrlə Su Polisinin əməkdaşları bu əməlləri törədən şəxslərlə profilaktik və maarifləndirici söhbətlər apararaq onlara belə halların yolverilməz olduğu izah edilib.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Zığ-2 körpüsündə, Bibiheybət, Ağstafa, Mingəçevir, Şəmkir və digər xidməti ərazilərdə elektrik avadanlıqları və digər ləvazimatlarla qanunsuz balıq tutan və adı “Qırmızı” kitaba düşən quşları ovlayan şəxslərə qarşı bundan sonra da qanunla nəzərdə tutulan formada ciddi şəkildə mübarizə aparılacaq.
546