Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 saylı “Qaynar xətt”inə 2015-ci ilin aprel-iyun ayları ərzində ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə 955 şikayət daxil olub. Lent.az-ın eco.gov.az-a istinadən verdiyi məlumata görə, onlardan 901-i Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.
Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi, aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması, atmosfer havasının çirklənməsi, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi və s. ilə əlaqədar olub. Belə ki, 2015-ci ilin aprel-iyun ayları ərzində daxil olmuş şikayətlər əsasında Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 301 şikayət, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 44 şikayət, İstehsalat Siyasəti şöbəsinə göndərilmiş 10 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.
Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 457 şikayətdən 451-i, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 80 şikayətdən 65-i, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 52 şikayətdən 24-ü, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 7 şikayətdən 5-i, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 4 şikayətdən 1-i üzrə araşdırma aparılaraq qanunamüvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması davam etdirilir.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.