Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar “Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, bu konfransın mövzusu - kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi məsələsi - son dərəcə aktualdır.
Nazir iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyaların yaradılmasına başlandığını bildirib: “Bakıda Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Laboratoriyasının tikintisi nəzərdə tutulur. Digər bölgələrdə də belə laboratoriyalar yaradıla bilər. Onlarda olan ən müasir avadanlıqlar istehsal sahələrində işçilərin sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-bioloji amilləri öyrənməyə imkan verəcək. Qarşıdakı dövrdə işçi insanların həyat və sağlamlığının qorunması məqsədilə iş yerlərində əməyin mühafizəsi normalarının tətbiqinə dövlət nəzarəti daim artırılacaq”.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində təşkilatın fəaliyyəti, onun nəticələri barədə məlumat verib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmasının hər bir işəgötürən üçün ilk növbədə mənəvi borc olduğunu bildirib.