Tanınmış azərbaycanlı cərrah, professor Cavad Heyət bu gün Bakıda müalicə olunduğu Gömrük Xəstəxanasında vəfat edib. Lent.az-ın məlumatına görə, doktor Heyətlə vida mərasimi avqustun 13-də Bakıda keçiriləcək. Mərhumun dostları bildiriblər ki, mərasim Azərbaycan Milli elmlər Akademiyasının, yaxud Yazıçılar Birliyinin binasında keçiriləcək. Yaxınları bildiriblər ki, Cavad Heyətin Təbrizdə, yaxud Bakıda dəfn ediləcəyi hələlik bəlli deyil.
Xatırladaq ki, C.Heyət Tehrandan Bakıya son dəfə iyun ayının sonlarında gəlib və burda səhhəti pisləşib.
1925-ci il mayın 24-də Təbriz şəhərində anadan olan Cavad Heyət ilk orta təhsilini İranda alıb. 1946-cı ildə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıdıb və orada öz klinikasını açıb.
Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professoru idi. 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub. O, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü idi.
Azərbaycanın başı sağ olsun...