Daxili İşlər Nazirliyi mayın 28-də Tofiq Bəhramov adına stadionda “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən futbol üzrə Azərbaycan kubokunun final qarşılaşması zamanı baş verən hadisələrlə bağlı açıqlama yayıb. Lent.az-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, stadionda ictimai asayişin kobud şəkildə pozulmasına cəhd göstərilib: “Oyunun sonlarında stadionda və ətrafında ictimai asayişin kobud formada pozulmasına cəhd edilib. Stadionda asayişi qoruyan qüvvələr tərəfindən bu cəhdin qarşısı alınıb. Bu zaman stadiona yandırıcı-protexnik maddələr atan və ictimai qaydaları kobud şəkildə pozan 2 nəfər saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib olunub. Hər iki şəxs barəsində məhkəmə tərəfindən inzibati həbs tədbiri seçilib”.
Qeyd edək ki, kuboku “Neftçi” komandası qazanıb.