DGK-dan açıqlama: “Belə bir hadisə baş verməyib”
Dövlət Gömrük Komitəsi sentyabrın ayının 7-də “Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadənin Bakı Baş Gömrük İdarəsinin qarşısında intihara cəhd etməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Bildirilib ki, Mədət Quluzadə adlı sahibkarın guya gömrük orqanlarında qarşılaşdığı "haqsızlıqlara" etiraz olaraq Bakı Baş Gömrük İdarəsinin qarşısında özünü yandırması, Komitə rəhbərliyinin məhz bu məsələ ilə bağlı dərhal hadisə yerinə gəlməsi barədə yayılan məlumatlar tamamilə yalandır, Bakı Baş Gömrük İdarəsinin qarşısında belə bir hadisə baş verməyib.
Qeyd edilib ki, sentyabrın 7-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və aidiyyəti strukturların rəhbərləri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olublar və hər iki qurumda xidməti müşavirə keçirilib.
Komitə sədri, eyni zamanda sahibkarlarla da görüşüb, onların gömrük işinin təşkilinə dair fikir və təkliflərini dinləyib. Həmin əsnada Mədət Quluzadə adlı şəxs də Dövlət Gömrük Komitəsinin sədrinə yaxınlaşıb və onun da müraciətini dinləyən Komitə sədri Səfər Mehdiyev Mədət Quluzadəyə qanunvericiliyin tələblərini izah edib və bu tələblərə əməl etməyin vacibliyini diqqətə çatdırıb.
Həmçinin Mədət Quluzadə adlı sahibkarın gömrüklə bağlı narazılığı barədə Komitə bildirib ki, “Ulduz Elektron" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Quluzadə Mədət Pənah oğlunun Dövlət Gömrük Komitəsinə qarşı mətbuatda irəli sürdüyü ittihamlar həmin hüquqi şəxsin ünvanına 10.03.2013-cü il tarixdə İran İslam Respublikasından göndərilən yüklərin müşayiət sənədlərində çatışmazlıqlar aşkar olunduğundan gömrük orqanları tərəfindən saxlanılmış malların təhvil verilməsi tələbinə dair iddianın təmin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının icrası ilə bağlıdır:
“Vətəndaş tərəfindən qaldırılan ikinci məsələyə gəlincə isə qeyd edək ki, "Ulduz-Elektron" MMC tərəfindən İran İslam Respublikasından altı yük nəqliyyat vasitəsi ilə idxal olunan 150790 kiloqram çəkidə, gömrük dəyəri 36960.50 manat təşkil edən 8462 m2ölçüdə "Sorena" markalı keramik plitələr (kafel) yükünə dair 27.08.2019-cu il tarixdə 01191000241511 nömrəli gömrük bəyannaməsi təqdim olunub. Bəyannamədə göstərilən məlumatların yoxlanılması zamanı idxal olunan yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə mal kodunun bəyannaməçi tərəfindən düzgün bəyan olunmaması aşkar edilib”.
Qeyd edək ki, sentyabr ayının 7-də günorta saatlarında sahibkar, “Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadə Bakı Baş Gömrük İdarəsinin qarşısında intihara cəhd edib və idarənin əməkdaşları və ərazidəki digər sahibkarlar M.Quluzadənin intihar etməsinin qarşısını alıblar. Hadisə yerinə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, həmçinin, komitənin məsul şəxsləri gəliblər.
S. Mehdiyev intihara cəhd edən sahibkarla görüşüb və söz verib ki, problemi gün ərzində həll olunacaq. Daha sonra isə komitə sədri Bakı Baş Gömrük İdarəsində müşavirə keçirib.
Əldə olunan məlumata görə, iclasda Səfər Mehdiyevin əmri ilə Bakı Baş Gömrük İdarəsinin bir neçə əməkdaşı işdən uzaqlaşdırılıb.
İntihara cəhd edən sahibkar Mədət Quluzadə Lent.az-a bildirib ki, İran İslam Respublikasından onun ünvanına gələn mallar (3 maşın üzlük plitələri) müəmmalı şəkildə yoxa çıxıb: “Mənə məxsus malları mənimsəyiblər. Bu faktdır. Mənimsəmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı da var. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu işə baxandan sonra qərardad qəbul edib və orada göstərilib ki, Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən 39 697 manat təzminat alınaraq “Ulduz-Elektron” MMC-yə ödənilsin. Bütün məhkəmə instansiyaları mənim xeyrimə qərar çıxarıb. İş icraya yönəldilib. Lakin Dövlət Gömrük Komitəsi təzminatı ödəmir. Onlar istəyir ki, təzminatdan imtina edim. Məni buna məcbur etmək niyyətindədirlər. Mən isə imtina etməyəcəyəm və hər gecikən günə görə əlavə təzminat tələb edirəm".
634