Bakıda avtomobil nömrəsi oğurlamış iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakinləri 31 yaşlı Aydın Balayev və 28 yaşlı Tamerlan Əlizadə şübhəli şəxs qismində tutulub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Aydın Balayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin dövlət nömrə nişanları oğurluqdur. A.Balayev avtomobili bir müddət əvvəl kirayə götürdüyünü bildirib. Dövlət nömrə nişanlarını isə Yasamal rayonu ərazisində başqa bir avtomobildən oğurlayaraq idarə etdiyi maşına bağlayıb.
Əməliyyatçılar avtomobilə baxış zamanı 1 ədəd pnevmatik tapança, 1 ədəd elektroşok aparatı, 1 ədəd durbin, 1 ədəd dəmir dəyənək, 1 ədəd bıçaq, gözyaşardıcı qaz, idman papaqları və digər əşyalar aşkarlayaraq maddi sübut kimi götürüblər.
Həmçinin saxlanılan şəxslərin üstündən müxtəlif çəkilərdə narkotik maddə olan heroin də tapılıb.
İstintaq araşdırmaları zamanı saxlanılan şəxslər bildiriblər ki, avtomobildə gəzdirdikləri əşyaları bir müddət əvvəl əldə ediblər. Polis əməkdaşları ehtimal edir ki, saxlanılan şəxslər qanunsuz əldə edib saxladıqları əşyalarla cinayət əməlləri törədiblər.
Bu şəxsləri tanıyanlardan və ya onların cinayət əməllərindən zərər çəkən şəxslərdən Xətai rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat istintaq tədbirləri davam etdirilir.