Dərman oğurlayan keçmiş məhkum tutuldu
Qubada dərman oğurluğunda məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən məlumata görə, Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluqlar edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb. Araşdırmalarla onun əvvəllər məhkum olunmuş rayon sakini, 41 yaşlı Rauf Məlikov olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, Rauf Məlikov may və iyun aylarında rayonun Timiryazev qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birindən generator, su nasosu və digər təsərrüfat avadanlıqları, eləcə də rayon ərazisində isə dərman preparatları daşıyan avtomobildən tibbi avadanlıqlar və müxtəlif növ preparatlar oğurlayıb. Oğurluq nəticəsində əldə etdiyi təsərrüfat avadanlıqları dəyərindən ucuz qiymətə satan R.Məlikov, əldə etdiyi pulları xərclədiyini bildirib.
Oğurladığı dərman preparatlarını rayon ərazisində satmaq istəyən zaman polis əməkdaşları tərəfindən iş başında yaxalanan R.Məlikovun üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb. R.Məlikov narkotik vasitə istifadəçisi olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün saxladığını bildirib. Oğurluq yolu ilə əldə edilmiş tibbi avadanlıqlar və dərman preparatları isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktlarla bağlı Quba rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
553