Dəhşətli yanğından zərərçəkənlər təzminat istəyirlər
12 iyul 2016 17:35 (UTC +04:00)

Dəhşətli yanğından zərərçəkənlər təzminat istəyirlər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə

prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Zərərçəkmiş İdris Xəlilov həbs olunan şəxslərdən şikayətçi olmadığını qeyd edib: "Yanğın təxminən saat 11:15-də başlayıb, 19:00-da başa çatdı. Dövlət tərəfindən 20 min manat pul verdilər. Mənzilimiz tam təmir olunub və əşyalarla təchiz edilib".

 

Digər zərərçəkmiş Feyzulla Bağırov yanğın nəticəsində bacısı və qardaşının öldüyünü deyib. F. Bağırov təqsirləndirilən şəxslərin təqsiri sübut olunduğu halda həyatını itirən qardaş və bacısının hər biri üçün 100 min manat təzminat tələb edib.

 

Zərərçəkmiş Adilə Zeynalova evinin tamamilə yandığını qeyd edib. O, hadisəyə səbəb olmuş şəxslərdən 52 min manat istəyib.

 

Zərərçəkmiş Heyvagül Əfəndiyeva isə hadisə zamanı evdə tək olduğunu, lakin, qəfildən siqaret qoxusu hiss etdiyini bildirib: "Bir az sonra pəncərədən ağ tüstü qalxdı. 2012-ci ildə binanın örtüyünün alışan maddələrdən olduğunu görəndə qonşular şikayət etmişdi. Binaya üzlük çəkənlər işi dayandırsalar da, sonradan davam etdi".

 

Məhkəmə prosesi iyulun 14-də davam etdiriləcək.

 

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

 

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

APA Baycan

Oxşar yazılar