Milli Şuranın sədri Cəmil Həsənli və qızı Günel Həsənli bu gün istintaqa çağırılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Milli Şuranın mətbuat sözçüsü Oqtay Gülalıyev öz facebook səhifəsində yazıb.
Qeyd edək ki, C. Həsənlinin qızı G. Həsənli sentyabrın 19-da saat 14:30 radələrində idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1928-ci il təvəllüdlü Ədilə Səlimovanı vurub. Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov APA-ya deyib ki, Günel Həsənli xəsarət alan piyadanı götürərək xəstəxanaya aparıb: "Sürücü məsuliyyətdən yayınmaqdan ötrü zərərçəkmiş şəxslə sövdələşib və həkimlərə yalan məlumat verib. Onlar bildiriblər ki, guya Ədilə Səlimova yıxılıb və Günel Həsənli yardım etmək məqsədi ilə onu xəstəxanaya aparıb. Lakin polis əməkdaşlarının apardığı araşdırmalar nəticəsində hadisənin əsl mahiyyəti üzə çıxıb və onların hər ikisi danılmaz faktlar qarşısında aciz qalaraq hadisəni etiraf edib”.
E. Zahidov həmçinin qeyd edib ki, hazırda baş vermiş hadisə ilə bağlı təhqiqat araşdırmaları davam etdirilir və araşdırmaların nəticəsinə uyğun olaraq fakta hüquqi qiymət veriləcək.