Cəbhə xəttində Beynəlxalq Sülh günü?  - REPORTAJ
21 sentyabr 2015 16:15 (UTC +04:00)

Cəbhə xəttində Beynəlxalq Sülh günü? - REPORTAJ

Bu gün Beynəlxalq Sülh günüdür. BMT bu günü 1982-ci ildən təsis edib. Elə həmin vaxtdan bu tarix ümumdünya atəşkəs günü elan olunur. Elə bu il də BMT baş katibi Pan Gi Mun dünyada müharibə edən tərəflərə müraciət edərək, qətllərin, dağıntıların dayandırılmasına və davamlı sülhün təmin olunmasına çağırıb.

 

Təəssüf ki, Ermənistan Silahlı Qüvvələrinin silahları heç bir beynəlxalq və müqəddəs bayramlarda belə susmaq bilmir. Bu səbəbdən cəbhəyanı kəndlərin gecələri daha təhlükəli olur. Ariz və Mehriban Məmmədovlar Ağdamın cəbhə xəttində yerləşən Çıraqlı kəndində yaşayırlar. Gecə-gündüz ermənilərin açdığı atəş səsi təəssüf ki, onların həyatının ayrılmaz parçasına çevrilib.

 

Dan yeri söküləndə bu kəndlərdə həyat yenidən canlanmağa başlayır. Cəbhə kəndlərinin balaca sakinləri hər gün təhsil almaq üçün gediş-gəlişi təhlükəli olan yollarla məktəbə yollanırlar. Xədicə  birinci sinifdə oxuyur. O da yaşıdları kimi, hər gün bu ölüm saçan yolun yolçusudur. Tək istəyi oxumaqdır: "Birinci sinifdə oxuyuram. Adım Xədicədir. Ermənilər güllə atır, əyilə-əyilə olsa da, məktəbə gedirəm".

 

Ağdamın Ortaqışlaq və Ayaq Qərvənd kəndləri də ermənilərin açıq-aydın müşahidə edə bildiyi yaşayış məntəqələridir. Bu kəndin uşaqları da təhsil almaq üçün torpaq və ya daşdan hörülmüş istinad divarının arxasından gedib gəlirlər.

 

2011-ci ilin 8 Mart - Beynəlxalq Qadınlar günündə 8 yaşlı Fariz Bədəlovu erməni snayperçilər bu kənddə öldürüb. Onun sinif yoldaşları bu il 8-ci sinifdə oxuyur. Farizin  həmyaşıdları dünya xalqlarının lüğətində ən anlamlı kəlmə hesab olunan "sülh" sözünün böyüklüyünə ömürlərinin sonunadək bəlkə də inanmayacaqlar. Buna səbəb isə qana susamış, uşaq qatili olmaqdan usanmayan Serj Sarkisyan və onun işğalçı ordusudur. Cəbhə kəndinin körpə sakinləri isə hər şeyə rəğmən, sülh istəyir.

 

Azərbaycanlılar dünyanın ən sülhsevər xalqlarından biri olsa da, təəssüf ki, uzun illərdir müharibə şəraitində yaşamaq məcburiyyətində qalıb. Dünyada tolerantlıq nümunəsi sayılan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışmasına baxmayaraq, erməni işğalçıları və onların havadarları bunda maraqlı görünmür. Sülh danışıqlarının uzanması isə dinc əhalini narahat edir. İnsanlar öz evlərində, dədə-baba yurdlarında atəşə məruz qalmalarına son qoyulmasını istəyirlər.

 

Fəxri MƏMMƏDOV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar