“Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın müxtəlif təhsil mərkəzləri ilə əlaqələrinin qurulmasına dəstək verməyə hazırıq”
Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytmen Bakı Ali Neft Məktəbində olub.
Lent.az-ın verdiyi məlumata görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib ki, beynəlxalq standartlara cavab verən ingilis dilli kadrların hazırlanması gündəmdə olan əsas məsələlərdən biridir.
Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurduğunu nəzərə çatdıran Elmar Qasımov Heriot-Vatt Universiteti ilə əldə olunmuş razılaşmaya əsasən Bakı Ali Neft Məktəbində tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi və müxtəlif proseslərin Heriot–Vatt Universitetinin tələblərinə uyğun həyata keçiriləcəyini və bunun nəticəsi olaraq BANM məzunlarına həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot-Vatt Universitetinin diplomlarının veriləcəyini bildirib.
Piter Beytmen Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasir tipli texniki ali məktəbin həm bütün sahələrdə inkişaf edən Azərbaycan dövləti üçün, həm də Azərbaycana böyük investisiyalar yatırmış və gələcəkdə bu sahədə işləri genişləndirməyi düşünən Böyük Britaniya üçün də böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Onun sözlərinə görə, regionun önəmli dövlətinə çevrilən Azərbaycan Böyük Britaniya və Avropa İttifaqı dövlətləri üçü böyük əhəmiyyət daşıyır. Piter Beytmen qeyd edib ki, Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın müxtəlif təhsil mərkəzləri ilə əlaqələrinin qurulmasına dəstək verməyə hazırdırlar.