Futbol üzrə Braziliya milli komandası Konfederasiyalar Kubokunun qalibi olub. Lent.az-ın məlumatına görə, Rio-de-Janeyro şəhərində keçirilmiş final matçında pentakampeonlar son dünya və Avropa çempionu İspaniya yığmasını darmadağın edib – 3:0.
Qalib komandanın heyətində Fred 2-ci və 47-ci dəqiqələrdə fərqlənib. Daha bir qolu isə 44-cü dəqiqədə Neymar vurub. 68-ci dəqiqədə İspaniya yığması azlıqda qalıb. Səbəb Jerar Pikenin meydandan qovulması olub.
Beləliklə, Braziliya millisi ardıcıl 3-cü, tarixində 4-cü Konfederasiyalar Kubokunu qazanıb. Bürünc medala 3-cü yer uğrunda görüşdə Uruqvayı penaltilər seriyasında məğlubiyyətə uğratmış İtaliya layiq görülüb.
Qeyd edək ki, Konfederasiyalar Kubokunun finalı oyunun keçirildiyi “Marakana” stadionu qarşısında kütləvi etiraz aksiyaları ilə müşayiət olunub. Görüşün başlanmasına dəqiqələr qalmış 5 minədək nümayişçi ilə polislər arasında qarşıdurma baş verib. Aksiya iştirakçıları polisləri daşa basıb. Əvəzində onlara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Braziliya sakinləri büdcə vəsaitlərinin sosial problemlərin həllinə yox, idman tədbirlərinə sərf olunmasına etiraz ediblər.