Biznesmenin qətlinə görə tutulanların sayı 18-ə çatıb
16 sentyabr 2015 17:17 (UTC +04:00)

Biznesmenin qətlinə görə tutulanların sayı 18-ə çatıb

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Qəbələ rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı növbəti dəfə məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirilmiş meyidinin tapılması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilmiş Nurəddin Xəlilova, Müşfiq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib. Onlar həmin tarixdə oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedərək, gecə saatlarında quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxulmuş, odlu silahla onu öldürmüş, həyat yoldaşına isə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin bir çox üzvləri məsuliyyətə cəlb olunublar. Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə həmin qətlin və bir sıra digər ağır cinayətlərin  təşkilatçılarından və fəal iştirakçılarından olan, sözügedən mütəşəkkil qrupun istintaqdan yayınan daha 2 üzvü - Coşqun Kərimbəyli və Əhməd Kərimov müəyyən edilərək yaxalanıblar. Bununla da cinayətkar dəstənin tutularaq həbs edilən üzvlərinin sayı 18 nəfərə çatıb.

 

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar