Baydar kəndində etiraz aksiyası
01 avqust 2013 03:02 (UTC +04:00)

Baydar kəndində etiraz aksiyası

İyulun 31-də azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Baydar kəndində etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyada yüzdən çox kənd sakini iştirak edib.

 

Aksiyada sakinlər adından çıxış edən 70 yaşlı təqaüdçü Fərrux İrişov sakinlərin tələbini aksiyaya qatılan yeni hakimiyyətin nümayəndələrinə bildirib: “Bizim yeni hakimiyyətdən tələbimiz torpaq məsələsinin həllidir. Elə şeylər var ki, onları tez həll etmək olar. Amma bizim ən yaralı yerimiz torpaq məsələsidir. Biz yerli hakimiyyətdən tutmuş, ölkə prokurorluğuna, parlamentə, prezidentə eyni gündə müraciət etmişik. Keçmiş hakimiyyətin vaxtında torpaqlarımız korrupsiya yolu ilə haqsızcasına yadlara verilib. Kəndimizin 600 hektar suvarma torpağı var. Lakin onun 110 hektarını bizim kənddə yaşamayan və Qərbi Gürcüstanın Lançxuti bölgəsindən olan bir adama bir günün içində özəlləşdirib, satıblar. Bu adamın kimliyi bilinmir. Kənddə 210 sakin torpaqsız qalıb. Bu faktları quberniya idarəsinə, bütün əlaqədar təşkilatlara bildirmişik. Hətta məhkəməyə də vermişik. Bir ildən sonra sənədləri geri aldıq və indi də bizdədir. Bir həftə bundan əvvəl biz baş nazir Bidzina İvanişviliyə və Marneuli rayon icra başçısı Paata Abramişviliyə də tələbimizi bildirmişik”.

 

Sakinlərin dediyinə görə, əvvəllər bu ərazidə olan torpaq üstündə ölüm hadisəsi də olub. Məlumata görə, əvvəllər torpağı 40 sotdan ölçərək sakinlərə veriblər. Lakin Mixail Saakaşvili hakimiyyətə gələndən sonra torpaqlar geri alınaraq, başqalarına satılıb. Kənddə üç mindən çox qoyun, min başdan çox mal-qara var, lakin örüş yeri yoxdur.

 

Aksiyaya Marneuli rayon icra hakimiyyətinin başçısı Paata Abramişvili, “Gürcü Arzusu”nun Siyasi Şurasının üzvü Əli Babayev iştirak edərək sakinləri axıradək dinləyiblər. Hər iki rəsmi şəxs kənd sakinlərinin istəyinin yerinə yetiriləcəyini bildiriblər.

 

“Gürcü Arzusu”nun Siyasi Şurasının üzvü Əli Babayev kənddə bir qrup adamların korrupsiya ilə məşğul olaraq, torpaqları satdığını bildirib: “Mən bütün faktları bilirəm. Bu barədə mütləq ölçü götürmək lazımdır. Mən Siyasi Şuranın iclasında sizin tələbinizi birbaşa baş nazirə bildirəcəyəm. Korrupsiya halları kökündən yoxlanılmalıdır. Azərbaycanlıların sosial vəziyyətinin yarıtmaz olduğunu bildirəcəyəm”.

 

 

P. Abramişvili APA-ya açıqlamasında kəndin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması barədə müxtəlif layihələr həyata keçiriləcəyini bildirib: “Torpağa gəlincə, bu şəxsi torpaqdır. Mənim gücüm çatmaz, bu məsələni yalnız məhkəmə həll etməlidir”.

 

Həmin gün aksiyanın sonuna gəlib çatan Gürcüstan parlamentinin deputatı Mahir DərziyevAPA-ya açıqlamasında etirazçıların haqlı olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078
avatar

Oxşar yazılar