Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
02 avqust 2013 16:03 (UTC +04:00)

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Avqustun 2-də Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. başProkurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, cari ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş, respublikamızın iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş siyasət öz müsbət nəticələrini verib. Əldə edilən nailiyyətlərin əsasını ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, müasir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət tədbirləri təşkil edib. Dövlət başçısının iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında toxunduğu məsələləri diqqətə çatdıran Baş prokuror dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşandığı bir şəraitdə Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişaf etdiyini, qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icra olunduğunu, gələcəkdə iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasını təmin edəcək sahələrin artan templə inkişaf etdiyini xüsusi vurğulanıb.

 

Qeyd edilib ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülüb. 2000-ci ilin aprelindən başlayan hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilmiş, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, çatışmazlıqların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Hesabat dövründə prokurorluq orqanlarının bütün səyləri “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrasına istiqamətləndirilib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə və keyfiyyətli icrası məqsədilə konkret tapşırıqlar verilib. 2013-cü ilin birinci yarısında Daxili İşlər orqanları ilə qarşılıqlı əlaqəli birgə fəaliyyət nəticəsində kriminogen durumun daha da sabitləşməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinə təsir edən mənfi təzahürlərin aradan qaldırılması istiqamətində məqsədyönlü işlər görülüb. Hesabat dövründə respublikada qeydə alınmış 10.929 cinayətin 86,9 faizinin açılması təmin edilib.

 

Cinayətkarlıqla mübarizə sahəsində əsas diqqətin artım meyli müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinə yönəldilməsi, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hər bir ərazi vahidi üzrə bu istiqamətdə zəruri tədbirlərin görülməsi, 2013-cü ilin birinci yarısının yekunlarına görə və əvvəlki illərdən bağlı qalmış bütün cinayətlər üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin intensivliyinin artırılması, cəzanın labüdlüyü prinsipinin təmin olunması, o cümlədən qəsdən adam öldürmə hadisələri ilə əlaqədar Bakı şəhərinin Nərimanov, Yasamal, Binəqədi, həmçinin Yevlax və Neftçala rayonlarının hər birində 1 bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilib. Baş prokuror hesabat dövründə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiyaya qarşı kəsərli və yüksələn xətlə mütəmadi mübarizənin təşkili məsələsinin Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olduğunu xüsusi vurğulayıb. Dövlət başçısı cənab İlham Əliyevin  siyasi iradəsinə müvafiq olaraq, ölkə səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində fəaliyyəti daha da müasirləşdirilən, ixtisaslaşmış cinayət təqibi orqanı kimi səlahiyyətləri, ştat tərkibi artırılmaqla strukturu təkmilləşdirilən, işçilərinin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilən Baş prokuror yanında Korrupsiyaya qarşı  mübarizə idarəsinin fəaliyyəti daha səmərəli və çevik olub, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində idarə tərəfindən konkret zəruri tədbirlər həyata keçirilib. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən cari ilin birinci yarımilində 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 3.237 müraciətin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar, ilk növbədə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi  barədə tapşırıqlar verilib.

 

“Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini müəyyənləşdirən Respublika Prokurorluğu üzrə müvafiq əmrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislər cəlb edilmiş və onların iştirakı barədə qərarlar qəbul edilməklə yoxlamalar aparılıb və 2 cinayət işi başlanıb. Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi, keçirilən yoxlamaların ciddi nəzarətə götürülməklə şəffaflığın təmin edilməsi barədə əlaqədar qurumlara və tabe prokurorlara konkret tapşırıqlar verilib.

 

Əməliyyat müşavirəsində qeyd edilib ki, 2013-cü ilin birinci yarımilində istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini vermiş, istintaq fəaliyyətini həyata keçirən Prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin müvafiq qurumlarının fəaliyyəti daha da səmərəli olub. Həmin qurumlar tərəfindən 4.647 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsində keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilib. Hesabat dövründə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyəti nəticəsində “İmtahan” informasiya sisteminin yaradılması və onun vasitəsilə prokurorluq əməkdaşlarının nəzəri bilik və peşə hazırlığı səviyyəsinin test üsulu ilə yoxlanılmasının əhəmiyyəti xüsusi vurğulanıb, yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi və “Elektron hökumət” layihəsi çərçivəsində prokurorluq orqanlarında elektron sənəd dövriyyəsi sisteminin tam fəaliyyət göstərməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verilib.

 

Bildirilib ki, prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən  demokratik yolu kimi öz müsbət nəticələrini verib. 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilmiş 546 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 52 faizdən çoxunu təşkil edir. Müsbət hal kimi qeyd edilmişdir ki, müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul olunmaqla fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicdanlı münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən bir çox gənc mütəxəssis vəzifədə irəli çəkilərək Baş Prokurorluğun şöbə rəisi, rayon prokuroru və digər vəzifələrə təyinatlar alıblar.

 

Əldə edilmiş müsbət iş göstəriciləri ilə yanaşı, məhkəmələr tərəfindən bir sıra cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar barəsində xüsusi qərarların çıxarılması hallarının mövcudluğu bu fəaliyyət istiqaməti üzrə qüsur kimi dəyərləndirilməklə, onların aradan qaldırılması, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının real təmini üçün zəruri tədbirlərin görülməsi, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi barədə  tapşırıqlar verilib. Bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi diqqət mərkəzində olub. Belə ki, 2013-cü ilin birinci yarısında 17 prokurorluq  işçisi  xidməti və  icra intizamını pozduğuna görə  intizam məsuliyyətinə cəlb edilib. Bütün struktur qurumların rəhbərlərinin, rayon və şəhər prokurorlarından ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və mənfi təzahürlərə münasibətdə prinsipiallığın artırılması üçün ən qəti tədbirlər görülməsi tələb olunub.

 

Əməliyyat müşavirəsində cari ilin oktyabr ayında ölkəmizin həyatında çox mühüm hadisə olan Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilməsi ilə əlaqədar digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkə ərazisində qanunçuluğa əməl olunması, ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun, xüsusilə dini ekstremizm və separatçılıq meyllərinin qarşısının alınmasına yönəldilmiş qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilib. Xüsusi qeyd edilib ki, aparılmış rəy sorğularının nəticələrinə görə dövlət başçısı cənab İlham Əliyevin türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı”, İslam Əməkdaşlığı Təşkilatı coğrafiyasında “İlin dövlət başçısı”, Böyük Britaniyanın nüfuzlu jurnalı tərəfindən “İlin adamı” seçilməsi,  ən nəhayət Prezident seçkiləri ilə bağlı ümumrespublika ictimai rəy sorğusu iştirakçılarının 81,2 faizinin seçkilərdə məhz cənab İlham Əliyevə səs verəcəkləri xalqın öz rəhbərinə göstərdiyi etimadın, inamın, məhəbbətin məntiqi nəticəsidir. Əməliyyat müşavirəsində 2013-cü ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubovun məruzəsi dinlənilib. Müzakirələrdə çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin avtomatlaşdırılmış elektron test imtahanı üsulu ilə yoxlanılmasının nəticələri barədə, Dövlət ittihamının müdafiəsi üzrə idarənin  rəisi İlqar Cəfərov “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətlə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarının icrası ilə əlaqədar görülən işlər, Baş prokurorun köməkçisi Günay İsmayılova bölgələr üzrə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 964
avatar

Nizam Rza

Oxşar yazılar