Balakən rayon sakininə məxsus həyətyanı sahədə xüsusi kultivasiya üsulu ilə becərilmiş küllü miqdarda narkotik tərkibli bitki aşkarlanıb.
Balakən rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün Balakən RPŞ-nin əməkdaşları «Xaş-xaş 2013» şərti adı altında narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində 1962-ci il təvəllüdlü, Balakən rayonu Roçəhməd kənd sakini Ceerçiyev Mühöddin Ceerçi oğlunun yaşadığı evin həyətyanı sahəsində qarğıdalı əkilmiş ərazinin 0,12 hektar hissəsində xüsusi kultivasiya üsulu ilə əkilmiş, aqrotexniki qaydada qulluq edilən hündürlüyü 1-2,5 metr olan, ümumi çəkisi 1,6 tona yaxın olmaqla 1002 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkar edilib.
M.Ceerçiyevə məxsus həyətyanı sahədə aşkar edilən narkotik tərkibli bitki yığılaraq maddi sübut kimi Balakən RPŞ-ə aparılıb. Balakən RPŞ-dən APA-ya o da bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə 40 fakt aşkarlanıb, bunlardan da 29 fakt narkotik tərkibli bitkilərin kultivasiya üsulu ilə əkilib becərilməsidir. Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.