Hövsan qəsəbəsində peyda olan seksual manyakın əməllərindən zərər çəkən qadınlar bu gün Suraxanı rayon Polis İdarəsinə çağırılıb. Lent.az-ın məlumatına görə, şikayət ərizəsi yazmış 6 qadın idarənin istintaq bölməsində qəbul edilib. Qadınlara bildirilib ki, məsələ ilə bağlı cinayət işi açılıb, seksual xarakterli xuliqanlıq etmiş şəxsin kimliyi dəqiqləşdirilib və yaxın günlərdə həmin adam həbs ediləcək.
Qadınlara o da bildirilib ki, istintaqın gedişi ilə bağlı onlara vaxtaşırı məlumat veriləcək.
Qeyd edək ki, Hövsan qəsəbəsində qadınlara qarşı seksual xarakterli hərəkətlər etmiş şəxs barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, təkrar törədildikdə) maddəsi ilə iş başlanılıb.
*****
12:21
Bakıda qadınları həyəcan içində saxlayan seksual manyakın əməlləri ilə bağlı cinayət işi açılıb.Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Hövsan qəsəbəsində törədilən seksual xarakterli xuliqanlıq əməllərinə görə Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, təkrar törədildikdə) maddəsi ilə iş başlanılıb. Cinayət işinin materialları bu gün aidiyyatı üzrə Suraxanı rayon Polis İdarəsinə göndərilib və İstintaq bölməsində araşdırmalara başlanılıb.
Məlumata görə, Hövsan qəsəbəsində qadınlara hücum edən, seksual xarakterli hərəkətlər edən və qadınların fotolarını çəkərək təşviş yaradan 31 yaşlı H.D hələ həbs edilməyib. O, bir neçə gün əvvəl saxlanılıb, ifadəsi alınıb və dilindən iltizam alınaraq sərbəst buraxılıb. Bu səbəbdən də Lent.az həmin şəxsin kimliyi və digər şəxsi məlumatları barədə ətraflı bilgi vermir.
Bu gün H.D-nın başqa bir əməli barəsində Lent.a-a məlumat daxil olub. Şikayətçi qadın bildirib ki, bir neçə gün əvvəl naməlum şəxs onun həyətinə daxil olaraq, yaşadığı evin pəncərəsinin yaxınlığında dayanıb və paltarını soyunarkən fotolarını çəkib. Bu əməlin də qeyd edilən şəxs tərəfindən törədilməsi ehtimal edilir.
Qeyd edək ki, fakta görə başlanmış cinayət işinin sonradan digər maddəyə tövsif edilməsi istisna edilmir. H.D-nın hərəkətlərində seksual xarakterli zorakılıq əməlləri sübuta yetirilərsə maddə dəyişdiriləcək.
***
28.10.2013 / 17:54
Bakıda seksual manyakın peyda olması barədə polisə məlumat daxil olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Hövsan qəsəbəsində qadınlara hücum edən şəxs 10 günə yaxındır ki, sakinləri həyəcan içində saxlayır. Bildirilir ki, 30-35 yaşlı bu adam günün müxtəlif saatlarında və axşamlar küçə ilə tək gedən qadınlara hücum edir, onları yerə yıxıb seksual xarakterli hərəkətlər edir. Bu azmış kimi, o etdiyi hərəkətləri və təcavüz etdiyi qadınları telefonun kamerası ilə lentə alır. Bundan başqa həmin şəxs qadınlara yaxınlaşaraq yaxından onların şəkillərini çəkir. Bu yolla da o, qadınları qorxudur və şantaj edir.
Hüquq-mühafizə orqanlarından Lent.az-a bildiriblər ki, artıq məsələ ilə bağlı ciddi araşdırmalara başlanıb. Hövsan qəsəbəsini həyəcan içində saxlayan şəxsin kimliyi də müəyyən edilib. Bəlli olub ki, bu, 32 yaşlı H.D-dır. Hazırda toplanmış materiallar əsasında cinayət işinin açılmasına hazırlıq gedir və yaxın günlərdə məsələ ilə bağlı cinayət işi açılacaq.
Qeyd edək ki, Lent.az-a müraciət edən Hövsan sakinləri gecə saatlarında küçəyə çıxarkən özlərini qorumaq üçün bıçaq və ya digər kəsici-deşici alət götürdüklərini bildirirlər. Seksual manyakın həbs edilməməsi onları daha da narahat edir.