Bakıda oğurlanan 15 min dollarlıq üzük 550 manata satıldı
21 iyul 2016 00:15 (UTC +04:00)

Bakıda oğurlanan 15 min dollarlıq üzük 550 manata satıldı

Xəzər rayon polis idarəsinin əməliyyatçıları iyulun 12-də baş vermiş oğurluq hadisəsinin üstünü açıb. Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Buzovna qəsəbə sakini Mirxəlil Cəlilovun evindən bahalı qızıl saat və üzük oğurlanması barədə məlumat Xəzər Rayon Polis İdarəsinə iyulun 12-si səhər saatlarında daxil olub. İşin istintaqını aparan müstəntiq Rəisə Rüstəmlinin verdiyi məlumata görə, oğru evə daxil olanda Mirxəlil Cəlilov otaqlardan birində yatıbmış.

 

Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Laçın rayonunun Qaraqışlaq kəndində qeydiyyatda olan 25 yaşlı Tural Rafiq oğlu Əsgərovu əməliyyatçılar iyulun 18-də tutublar. Saxlanılan zaman Tural oğurluq hadisəsinin onun tərəfindən törədildiyini etiraf edib. Onun sözlərinə görə, hadisə baş verən gün gecə saat 4 radələrində Buzovnada dəniz kənarındakı çayxanalardan birindən çıxıb evlərinə yollanıb. Küçə ilə gedərkən hündür hasara alınmış evlərdən birinin darvazasının açıq olduğunu görüb. İçəri daxil olanda həyətdə saxlanılan iki avtomobilin arasından keçərək evin yan pəncərəsinə yaxınlaşıb.

 

Evə daxil olduqdan sonra qızıl saatla üzüyü götürən Tural sakitcə çölə çıxıb. Səhəri gün üzüyü şəhərdə fəaliyyət göstərən lombardlardan birinə gətirib. Lombard sahibi üzüyün üzərində qaşın brilyant olmasını bildirmədən qızılı xam mal kimi qəbul edib.  15 min dollar dəyəri olan üzüyü 550 manata satandan sonra Tural yaxın tanışının vasitəsi ilə saatı da tanımadığı bir nəfərə satıb.

 

Tural Əsgərov 27 min dollar qiyməti olan saatı 2700 dollara alan adamı tanımadığını bildirib. Lombarda təhvil verilən üzük isə tapılaraq, götürülüb. Qızılı qəbul edənlə brilyant qaşı üzüyün üstündən ayıraraq qızılı əritməyə hazırlaşırlarmış.

 

Polisdən verilən məlumata görə, qızıl saatı alan adam da artıq müəyyənləşdirilib. Saxlanılan Tural Əsgərov söhbətin sonunda "Bu mənim birinci və sonuncu oğurluğum olacaq" deyib. Açıq qapını görəndə nəfsinə qalib gələ bilmədiyindən peşiman olan Əsgərov zərərçəkmişdən üzr də istəyib.

 

Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində CM-in “Oğurluq” maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Oxşar yazılar