Bakı şəhərinin Yasamal rayonu ərazisində mənzildən 89 yaşlı qadının meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1924-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzilə baxış keçirilərkən Topaeva Nadejda Dmitriyevna hərəkətsiz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində N.Dmitriyevnanın vəfat etdiyi müəyyən olunub.