Bakıda yaşayış binasındakı mənzildə meyit tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istindən verdiyi məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açaraq daxil olub.
Mənzilə baxış keçirilərkən 1955-ci il təvəllüdlü Zahid Bayram oğlu İsmayılov hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Z.İsmayılovun vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.