Bakıda iki xalaoğlunun oğurluq sevdası baş tutmayıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Bakıda kirayədə yaşayan iki xalaoğlu - Səxavət Seyidov və Nuran Kərimov sentyabrın 11-də gecə Ramana qəsəbəsinin Südçülük sovxozu ərazisində yerləşən marketdən oğurluq etmək istəyib. Lakin mağazadan Sabunçu rayon Mühafizə İdarəsinə (RMİ) "Həyəcan siqnalı" daxil olub və idarənin əməkdaşları 5 dəqiqə sonra hadisə yerində olublar.
Sabuncu RMİ-nin bölük komandiri Samir Cəfərli deyib ki, mühafizə olunan obyektə baxış keçirilən zaman obyektin dam örtüyünün sınmış halda olduğu aşkarlanıb. Dam örtüyünə baxış keçirilərkən iki nəfərin dam örtüyünün altında gizləndiyi məlum olub.
Mühafizə İdarəsinin əməkdaşları oğurluğa cəhd edən hər iki şəxsi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verib.
Xalaoğlular oğurluq təşəbbüsünü bir-birilərinin üzərinə atmağa çalışıb. Nuran Kərimov deyib ki, xalası oğlu ona Ramanadakı marketi soymağı təklif edib. Nuran da təkliflə razılaşıb və gecə görüşüblər: "Şiferin birini qaldırdı, girdik altına. Taxta-zad düzülmüşdü. Dedim ki, girmək mümkün deyil, gəl qayıdaq. Dedi ki, bura qədər gəlmişiksə, girməliyik".
Səxavət Seyidov isə oğurluq təklifinin xalası oğlundan gəldiyini deyib. Onun sözlərinə görə, Nuran Kərimovla rəngsaz işləyirmiş. Amma onların halal yolla pul qazanmaq arzusu cəmi 5 gün çəkib. 5-ci gün daha az əziyyətlə daha çox pul qazanmaq qərarına gəliblər: "Mənə təklif elədi ki, belə bir market var, gedək kassasını yaraq. Dedi onda "Milliön"u yaraq. Dedim, gedib yararıq. Saat 7-də getdi, dedi saat 2-də görüşək. Gecə getdim sovxoza, zəngləşdik görüşdük".
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Xalaoğluların başqa cinayətlərdə əlinin olub-olmadığı da araşdırılır.