Sentyabr ayında Azərbaycanda 1276 nəfəri müxtəlif heyvanlar dişləyib.
Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva söyləyib.
Başqa sözlə, 1081 nəfəri it, 111 nəfəri pişik, 61 nəfəri siçovul, 23 nəfəri başqa heyvanlar (eşşək, çaqqal, tülkü, at, inək, canavar və s.) dişləyib. Vəhşi heyvanlar əsasən Masallı, Şamaxı, Sabirabad, Ağdaş, Qəbələ və Qazaxda insanları dişləyib.
Ümumilikdə dişləmələrin sayı isə keçən ilin analoji dövrü ilə müqayisədə azalıb. Keçən ilin sentyabr ayında 1372 nəfəri müxtəlif heyvanlar dişləyib. Yəni 1193 nəfər it, 95 nəfəri pişik, 61 nəfər siçovul, 18 nəfər başqa heyvanların dişləməsinə məruz qalıb.
Elmira Əliyeva paytaxt üzrə qeydə alınan heyvan dişləmələrinin statistikasını da açıqlayıb. Sentyabr ayında Bakıda 408 dişləmə faktı qeydə alınıb. 292 nəfəri it, 66 nəfəri pişik, 38 nəfəri siçovul, 12 nəfəri başqa heyvanlar dişləyib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 10 fakt artıqdır. Keçən ilin sentyabr ayında 300 nəfəri it, 48 nəfəri pişik, 44 nəfəri siçovul, 6 nəfəri başqa heyvanlar dişləyib.