Bakının Xətai rayonunda yaşayan Gürcüstan vətəndaşı saxlanılıb. APA TV xəbər verir ki, 36 yaşlı Məmmədova Əfsanə Qədir qızı cibgirlik əməlinə görə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulub. Əfsanə Məmmədova “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı ticarət mərkəzində vətəndaşların ciblərindən və əl çantalarından oğurluq edərkən ifşa olunub. Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəis əvəzi Firdovsi Hüseynəliyevin sözlərinə görə, saxlanılan Əfsanə Məmmədova vətəndaş Əhməd Əliyev, Alim Babayev və Ağabəyim Xəlilovadan planşet və 342 manat pul götürüb. İstintaqa ifadəsində əməlini etiraf edən Əfsanə Məmmədova cinayəti pula ehtiyacı olduğu üçün törətdiyini bildirib.
Faktla bağlı cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.