Daxili İşlər Nazirliyi Bakıda körpülərə partlayıcı qurğu yerləşdirilməsi xəbəri ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 31-də saat 04.40 radələrində İsmayıllı rayon sakini Ənvər Adıgözəlov mobil telefonla DİN-in "102 Zəng Xidməti"nə zəng edərək paytaxtın Nizami rayonu ərazisindəki "Bağırov körpüsü"nə, Xətai rayonu ərazisindəki "Xətai körpüsü"nə və Zabrat qəsəbəsinə gedən yoldakı "Sabunçu körpüsü"nə partlayıcı qurğular qoyulmasını və bu məlumatın ona Asif adlı şəxsin “sms”lə ötürməsini bildirib. Dərhal müvafiq tədbirlər həyata keçirilmiş və məlumat təsdiqini tapmayıb.
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bilərəkdən yalan məlumatı verən 1948-ci il təvəllüdlü Ə.Adıgözəlov saxlanılıb və onun orta dərəcəli sərxoş olması müəyyən edilib. Araşdırma aparılır.
****
9:51
Bakıda 3 körpüyə partlayıcı qurğu qoyulması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatda Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulduğu bildirilib.
FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib.
Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər.
Nəticədə qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib.
Əməliyyat mayın 31-i saat 06:52-də başa çatıb.