Bakıda beynəlxalq simulyasiya oyunları keçirilir
Bu gün Bakıda Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulyasiya oyununa (Model United Nations Security Council) start verilib.
APA-nın məlumatına görə, tədbirdə Baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi, gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, xarici işlər nazirinin müavini Araz Əzimov, gənclər təşkilatlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli sərəncamına əsasən 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasını nəzərə alaraq, simulyasiya oyununun əsas mövzusu kimi “Kiber təhlükəsizlik” seçilib.
Çıxış edən nazir A.Rəhimov bildirib ki, texnologiyanın inkişafı hər şeyi asanlaşdırır: “Kiber cinayətkarlıq hazırda cari məsələlərdən birinə çevrilib. Biz BMT və digər qurumlarla çalışırıq ki, bu təhlükəni aradan qaldıraq. Düşünürəm ki, simulyasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edən 45 gənc beynəlxalq siyasi mövzuları lazımınca müzakirə edə biləcək. Eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar. Bununla yanaşı kiber təhlükəsizlikdən daha yaxından xəbərdar olacaqlar. Çünki bu gənclər sabahın beynəlxalq siyasətdə təmsilçiləridir”.
A.Əzimov isə deyib ki, Azərbaycan təkcə milli çərçivədə yox, beynəlxalq və regional çərçivədə də tədbirlər həyata keçirir: “Kiber təhlükəsizlik BMT-nin əsas gündəliyinə daxil edilməyib. Bu, mütləq şəkildə gündəmdə olan bir məsələdir. Çünki bu gün artıq İKT sərhədlər tanımır. Bu məsələdə düşünürəm ki, hər bir ölkə beynəlxalq qanunvericiliyə riayət etməlidir. GUAM ölkələri bu prosesdə aktivdirlər. Hər bir ölkə informasiya mübadiləsində xüsusi rol oynamalıdır”.
BMT baş katibinin xüsusi elçisi Əhməd Əlhəndavi təəssüflə qeyd edib ki, veb xidmətləri və İKT-yə çıxış imkanları artdıqca, kiber cinayətlərdə və bununla bağlı digər məsələlərdə də artım müşahidə edilir: “Hər bir kəsin, o cümlədən təcrid olunmuş gənclərin İKT-yə və təhlükəsiz şəbəkələrə çıxışını təmin etməklə onların innovativ potensialını üzə çıxarıb dəstəkləmək imkanları mövcuddur”. Tədbirdə BMT baş katibi Pan Gi Munun video müraciəti səsləndirilib.
Simulyasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar.