Bakı şəhər Baş Polis İdarəsi paytaxtda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az-ın idarəyə istinadən məlumatına görə, dekabrın 24-də saat 19:00 radələrində, Bakı-Aeroport yolunda Sabunçu qəsəbə ərazisində Bakı şəhər sakinləri, 1970-ci il təvəllüdlü Faiq Əliyev idarə etdiyi VAZ-21074 markalı avtomobillə 1969-cu il təvəllüdlü İntiqam Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilən yaralı İ.Məmmədov dekabrın 25-də gecə saatlarında ölüb. Faktla bağlı Sabunçu RPİ 12-ci PB-də araşdırma aparılır.
Bundan başqa dekabrın 24-də saat 21:00 radələrində, Buzovna-Pirşağı yolunda Pirşağı qəsəbə ərazisində Qəbələ rayon sakini 1984-cü il təvəllüdlü Elnur Kərimovun idarə etdiyi “Chevrolet” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ağasəlim Yusifovun idarə etdiyi “Zil” markalı avtomobilin arxa hissəsindən vurub. Avtoqəza nəticəsində E.Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu RPİ 15-ci PB-də araşdırma aparılır.
Oxşar hadisə dekabrın 24-də saat 14:45 radələrində, Hövsan-Türkan yolunda Hövsan qəsəbə ərazisində də baş verib. Bakı şəhər sakinləri, 1977-ci il təvəllüdlü Baba Mirzəyevin idarə etdiyi “Hova” markalı və 1989-cu il təvəllüdlü Fərhad Tağıyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Avtoqəzada F.Tağıyev ölüb, sərnişini 1955-ci il təvəllüdlü Tofiq Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilərək ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
*****
10:15
Bu gecə Bakının müxtəlif ərazilərində baş vermiş yol qəzalarında 3 nəfər ölüb. Lent.az-ın məlumatına görə, Suraxanı rayonu Hövsan qəsəbəsindı "Hovo" markalı yük avtomobili ilə "Opel" markalı minik avtomobili toqquşub. Nəticədə "Opel"də olan şəxslərdən biri hadisə yerindəcə dünyasını dəyişib. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Oxşar hadisə Sabunçu rayonunda da qeydə alınıb. Pirşağı qəsəbəsi ərazisində "Chevrolet" markalı minik avtomobili "Zil"ə çırpılıb. Avtomobilin sürücüsü dünyasını dəyişib.
Gecə saatlarında ölümlə nəticələnən daha bir yol qəzası isə metronun "Koroğlu" stansiyası yaxınlığında, Heydər Əliyev prospektində baş verib. "VAZ 2107"nin vurduğu piyada yolun ortasında qalıb və hərəkətdə olan digər avtomobil onun üstündən keçib. 45 yaşlı piyada yerindəcə keçinib.
Hər bir faktla bağlı araşdırmalar aparılır.
*****
07:29
APA-nın məlumatına görə, hadisə "Koroğlu" metrosunun yaxınlığında qeydə alınıb. Hələlik sürücüsü məlum olmayan "VAZ 2107" markalı avtomobil Mərdəkan istiqamətində hərəkətdə olarkən qəfil yolu qaçaraq keçmək istəyən piyada 45 yaşlı İntiqam Məmmədovu vurub. Daha sonra arxadan gələn digər avtomobil də piyadanın üstündən keçib.
Piyadanı vuran avtomobilin sürücüsü onu ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanaya çatdırsa da, həkimlər yaralının həyatını xilas edə bilməyiblər.
Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə hadisənin baş verməsinə, piyadanın yol hərəkət qaydalarını pozması və yüksək sürət səbəb olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.