Mayın 29-da Bakıda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın vesti.az-a istinadən verdiyi məlumata görə, Maştağada yaşayan 1967-ci il təvəllüdlü Quliyev Rafail Balakərim oğlunu qəsəbədə həm də Hacı Nizam adı ilə tanıyırlar. O, qardaşı arvadının qətlini əvvəlcədən planlaşdırıb və bu məqsədlə axşam gəlinlərinin evinə gəlib, daha doğrusu, hasardan aşaraq, həyətə daxil olub. Bu zaman Ə.Quliyeva evin həyətində kiçik qardaşı ilə domino oynayırmış. Hadisə vaxtı Ə.Quliyevanın üç uşağı da evdə olub.
Hacı Nizam bıçaqla gəlinin üstünə gəlib və ona qaçmağa imkan verməyib. Qaçmaq istəyən qadına çatan 52 yaşlı kişi ona bir-birinin ardınca bıçaq zərbələri endirib. Ə.Quliyevanın kiçik qardaşı bacısını müdafiə etməyib. O, evə qaçaraq, uşaqları götürüb və onları analarının necə öldürüldüyünü görməmələri üçün cinayət yerindən uzaqlaşdırıb.
Ə.Quliyeva qışqırıb köməyə çağırsa da, qəsəbə sakinlərindən heç kim hadisəyə müdaxilə etməyib. Hücumdan bir neçə dəqiqə sonra qadın ölüb. R.Quliyev telefonu götürərək, Sabunçu rayon 14-cü polis bölməsinə zəng edib və bildirib: “Mən adam öldürmüşəm, gəlin məni aparın”.
İlkin dindirmə zamanı R.Quliyev bildirib ki, gəlinlərini ailənin şərəf və ləyaqəti məsələsinə qısqanc münasibət zəminində öldürüb: “Qəsəbədə hər kəs onun əxlaqsız davranışından danışırdı. Mənə əyri baxırdılar, başımı qaldırıb küçəyə çıxa bilmirdim”.
Bu arada məlum olub ki, R.Quliyev belə desək, qardaşı – Əzəmət Quliyevanın ərinin yarımçıq qoyduğu işi başa çatdırıb. O, hələ 4 ay əvvəl öz arvadını qısqanclıq zəminində öldürməyə cəhd etsə də, bunu bacarmayıb. Əri arvadını yalnız yaralaya bilib və sonradan həbs olunub, hazırda da həbsxanadadır. Yeri gəlmişkən, öldürülmüş qadının digər qardaşı da həbsdədir. O da bacısının əri ilə əlbir olaraq, Əzəmət Quliyevanı öldürməyə cəhd göstərib.
Qeyd edək ki, Quliyevlər ailədə 5 qardaş olublar. Onlardan biri Taleh Quliyev həbsxanada ölüb.
Faktla bağlı araşdırma davam edir.
****
9:47
Bakıda 30 yaşlı qadın qaynı tərəfindən öldürülüb. Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbəsində 1967-ci il təvəllüdlü Quliyev Rəfail Balakərim oğlu qardaşının həyat yoldaşı olan 1983-cü il təvəllüdlü Quliyeva Əzəmət Nurəddin qızını bıçaqlayaraq öldürüb.
R.Quliyev saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.