Son 10 gün ərzində Bakı şəhərində 9 ağır cinayət hadisəsi qeydə alınıb.
Belə ki, mart ayının 1-də Xətai rayonundakı restoranların birində aşpaz öz həmkarını mübahisə nəticəsində əlindəki oxlov ilə öldürüb. Ertəsi gün isə Badamdar qəsəbəsində 17 yaşlı gənc qısqanclıq zəminində bacısını qətlə yetirib. Bir qədər sonra, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində böyük qardaşının təhqirlərinə dözə bilməyən Vasif Maqsudov 29 yaşlı qardaşını bıçaqlayaraq, öldürüb. Xətai rayonunda Hindistan vətəndaşı əl-qolunu bağlanaraq xüsusi işgəncə ilə qətlə yetirilib. Oleq Abışov isə anasının və qardaşının həyatına son qoyduğuna görə həbs edilib.
Psixoloqların fikrincə, bahar fəslində orqanizmdə biokimyəvi proseslər aktivləşir. Digər aylarla müqayisədə depressiya, aqressivlik kimi xüsusiyyətlər də məhz bu aylarda daha qabarıq üzə çıxır.
Əsasən ağır cinayət törədən insanların böyük qismində ciddi psixoloji problemlərin olduğu aşkardır. Belə insanlar isə fəslindən asılı olmayaraq, cinayət törətməyə meylli olur. Sonuncu hadisə - Binəqədi rayonu ərazisində aşkar olunan hissələrə bölünmüş qadın cəsədinin də psixoloji pozuntudan əziyyət çəkən insan tərəfindən törədilməsi ehtimalı hazırda araşdırılır.