Onun sözlərinə görə, sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması məqsədilə polis tərəfindən nəzarətə götürüləcək. S.Bağırov hər hansı xoşagəlməz hadisənin baş verməməsi və “Bilik Günü”nə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadlarının sayının artırılacağını və zəruri olan bütün təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.
Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar Dövlət Yol Polisi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar 2014-cü il sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində «Diqqət, uşaqlar!» adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.